CƏMİYYƏT26.5.2023 10:30

İki klinikaya inzibati tənbeh tədbirləri tətbiq edilib

549

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu barədə FHN-dən məlumat verilib.

Bu çərçivədə keçirilən nəzarət tədbirləri çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən “Səhhət-M” MMC və “Ayxan İmplant Dent” MMC-yə məxsus klinikalarda ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqədar fəaliyyət zamanı radiasiya təhlükəsizliyinin pozulması halları aşkarlanmış və təqdim olunmuş sənədlər əsasında çıxarılmış məhkəmə qərarları ilə həmin müəssisələr barəsində müvafiq inzibati tənbeh tədbirləri tətbiq edilib.

Fövqəladə Hallar Nazirliyi bir daha mülkiyyət formasından asılı olmayaraq radioloji fəaliyyətlə məşğul olan bütün müəssisə və təşkilatlara müraciət edərək, ionlaşdırıcı şüa mənbələrindən yalnız qanunvericiliyə uyğun olaraq “xüsusi icazə” əsasında istifadə edilməsinin tələb olunduğunu xatırladır. Belə icazə almadan radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlar qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar.

YUXARI