CƏMİYYƏT2021.11.25 14:00

İƏT faktaraşdırıcı missiyasının Qarabağla bağlı hesabatı qəbul edilib

14

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) faktaraşdırıcı missiyasınının azad olunan ərazilərlə bağlı hesabatı qəbul edilib.

Ombudsman Aparatından verilən məlumata görə, Ombudsman Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK-nın) üzvü Aydın Səfixanlı həmin Komissiyanın Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən 18-ci sessiyasında iştirak edir.

Sessiya çərçivəsində İƏT ölkələri daxilində BMT-nin Davamlı İnkişaf Məqsədlərinin implementasiyası sahəsində mövcud vəziyyət, insan hüquqlarının müdafiəsi sahəsində müsbət təcrübələr və Komissiyanın mandatı çərçivəsində həyata keçirilmiş faktaraşdırıcı missiyaların nəticəsi ilə bağlı hazırlanmış hesabatlarla əlaqədar müzakirə aparılıb.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında İƏT MDİHK sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti 22-26 sentyabr 2021-ci il tarixlərində işğaldan azad edilmiş torpaqlarımızda, eyni zamanda, müharibə bölgəsindən uzaqda yerləşən ərazilərdə mülki əhali və infrastrukturu hədəfə alan raket hücumları nəticəsində dağıdılmış yerlərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə Azərbaycanda rəsmi səfərdə olub və səfərin nəticəsi olaraq xüsusi hesabat hazırlanıb.

Sözügedən hesabat İƏT MDİHK-nın Ciddədə keçirilən 18-ci sessiyası çərçivəsində müzakirə olunub. Hesabatda Azərbaycanın işğaldan azad olunmuş və hücuma məruz qalmış digər ərazilərində törədilən müharibə cinayətləri, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, milli-mədəni, memarlıq, tarixi və dini abidələrin, o cümlədən məscidlərin məhv edilməsi, talan və təhqir olunması ilə bağlı çoxsaylı faktlar beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquq normalarının pozuntusu kimi qiymətləndirilib.

İƏT MDİHK-nın hazırladığı hesabatın yekununda Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətmiş olduğu insan hüquq pozuntularının araşdırılması və müvafiq hüquqi qiymətin verilməsi məqsədilə BMT, ATƏT və digər regional təşkilatlar tərəfindən beynəlxalq insan hüquqları monitorinq mərkəzinin yaradılması, Beynəlxalq Qırmızı Xaç Komitəsinin egidası altında Birinci Qarabağ müharibəsi dövründən bu günə kimi itkin düşmüş azərbaycanlıların tapılması, onların ailə üzvlərinə psixoloji yardımın göstərilməsi məqsədilə çoxtərəfli koordinasiya mexanizminin yaradılması, İƏT, Dünya Bankı və İslam İnkişaf Bankı tərəfindən azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını dəstəkləyən layihələrin maliyyələşdirilməsi kimi tövsiyələr də verilib.

Hesabat Komissiya üzvləri tərəfindən yekdilliklə qəbul edilərək, 2022-ci ilin mart ayında İslamabadda keçiriləcək İƏT Xarici İşlər Nazirləri Şurasının Zirvə Görüşünün proqramına daxil edilib.

YUXARI