MEDİA və QHT20.4.2021 16:31

Hərbi Qənimətlər Parkını adicə “sülh göyərçininə qurban” vermək istəyənlər...

424

“Sülh göyərçinləri” yenidən özlərini dünya qarşısında biabır etməkdədirlər. Bakıda Hərbi Qənimətlər Parkının açılması nəinki ermənilərin, onların havadarlarının, eləcə də bəzi sapı özümüzdən olanların yuxusunu ərşə çəkməyə başlayıb. Azərbaycanın möhtəşəm qələbəsini həzm edə bilməyənlərin arasında adını azərbaycanlı qoyanların olması təəssüf doğurmaya bilmir.

Yenə xaricdəki şər, qarayaxma kampaniyasını körükləyənlər iş başına keçiblər və muzdlu “sözçülər”ini işə salıblar. Hərbi Qənimətlər Parkının açılmasından çox ciddi şəkildə narahat olanlardan biri Sevinc Osmanqızıdır, o deyib ki, “Qənimət Parkı əvəzinə "sülh göyərçini" düzəltmək olardı”.

Atası ermənilər tərəfindən öldürülən “sülh göyərçini”nin ermənilərə bu şəkildə yarınması göz qabağındadır: “Hərbi Qənimətlər Parkı, ümumiyyətlə, bu qənimətlər var və göstərilməlidir. Mən də razıyam, amma bunun bir yolu tapılmalıdır. O, dünyaya hərb yox, məhz sülh mesajı verməlidir. Əgər mən öz təklifimi versəydim, deyərdim ki, həmin o, erməni güllələrini yığıb, bir yerdə ondan Bakı göyərçini düzəltmək olardı” - deyə bildirən S.Osmanqızı erməni tərəfkeşliyini açıq şəkildə ortaya qoyub.

Jurnalist dəridən-qabıqdan çıxaraq beynəlxalq aləmdə Azərbaycanla bağlı səhv rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan sülh istəmir.

Bəzilərinin Hərbi Qənimətlər Parkını “göyərçin”ə qurban vermək istəyi və qələbəmizə qısqanc yanaşmaq cəhdləri nədən qaynaqlanır? Onlar niyə Hərbi Qənimətlər Parkına bu cür qısqanc yanaşırlar?

“Müasir İnkişaf” Birliyinin sədri Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, ölkəmizə qarşı bu cür çirkin kampaniya aparan insanların sərgilədiyi davranışlar təəssüf doğurur. M.Göyüşlünün sözlərinə görə, torpaqları işğalda olduğu illərdə də, postmüharibə dövründə də Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti həmişə sülh təşəbbüsü ilə çıxış edib, sülhə, humanizmə sadiq olduğunu nümayiş etdirib: “Azərbaycan müharibədən əvvəl problemin sülh yolu ilə həll edilməsi üçün səylərini əsirgəməyib, həmişə bu təşəbbüsdə olub. Ölkə başçısı da, xalq da, ictimai-siyasi xadimlər də, diplomatlar da münaqişənin sülh yolu ilə həllinə çalışıb, amma qarşı tərəfdən bunu görməmişik. Ermənistan müharibə istəyib və 27 sentyabrda da o müharibəni başlayıb və müzəffər ordumuz da hərbi əməliyyatlara başlayıb, nəticədə torpaqlarımız işğaldan azad edilib. Azərbaycanın qələbəsi, zəfərinin simvollarından olan Hərbi Qənimətlər Parkının açılması Sevinc Osmanqızı və onun kimilərini niyə narahat edir, bilmirəm. Hərbi Qənimətlər Parkının açılmasını yalnız Azərbaycanı istəməyən qüvvələr qaralaya və bunu “sülhə zidd” kimi qələmə verməyə cəhd edə bilərlər, onların da kimliyi xalqa məlumdur. Amma Azərbaycanı sevən, onun qələbəsinə sevinən insanlar Hərbi Qənimətlər Parkının açılmasına çox müsbət yanaşırlar. Mən özüm bu parkın açılmasını çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu düzgün bir addımdır, ermənilərin əzildiyini, məhv edildiyini həm öz vətəndaşlarımıza, həm də dünyaya təqdim etməkdən, nümayiş etdirməkdən çəkinməməliyik. Çünki biz torpaqlarımıza təcavüz edən işğalçı, faşist bir ölkəni məğlub edərək tarixi ədaləti bərpa etmişik”.

M.Göyüşlü hesab edir ki, “sülh göyərçinləri”nin hay-küyü Azərbaycanı qaralamaq, erməni dəyirmanına su tökmək məqsədi daşıyır. Birlik sədrinin sözlərinə görə, “sülh göyərçinləri”ni “havaya buraxan”lar Azərbaycanı qaralamaq niyyəti güdür və S.Osmanqızı kimilərini də alətə çevirirlər: “Sevinc Osmanqızı kimilərinə tezisləri verənlərin məqsədi Azərbaycanı qaralamaq olsa da, onlar heç zaman öz hədəflərinə çatmayıblar, işləri həmişə boş-boş danışmaq olub. Adı azərbaycanlı olan və özlərini anti-Azərbaycan qüvvələrin əlində alətə çevirənlər açıq şəkildə erməni dəyirmanına su tökənlərdir. Çox təəssüf edirəm ki, Osman Mirzəyev kimi bir ziyalının, jurnalistin qızı belə bir mövqedən çıxış edir. Amma onun və onun kimilərinin danışığının heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz yolundadır, öz fəaliyyətindədir. Belələri bilməlidirlər ki, Azərbaycanın möhtəşəm qələbəsinə heç nə ilə kölgə salmağa müvəffəq ola bilməzlər, boşuna özlərini yormasınlar. Hər şey göz qabağındadır. Azərbaycan bu gün də sülhün, barışın tərəfindədir, Ermənistandan fərqli olaraq, sülhü-humanizmi dəstəkləyir”.

M.Göyüşlü hesab edir ki, Ermənistan bundan nəticə çıxarmalı və separatçılıqdan əl çəkməlidir, o öz işğalçılıq niyyətlərini davam etdirməyə yenidən cəhd göstərərsə, Azərbaycanın dəmir yumruğunu öz başında görəcək, bununla da tamamilə məhv olacaq.

YUXARI