CƏMİYYƏT8.12.2021 18:00

Hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var - Elvin Hüseynov

62

Hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var. Trend-in məlumatına görə, bu barədə "YAŞAT" Fondunun 1 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında Fondun rəhbəri Elvin Hüseynov bildirib.

"Artıq 49 milyondan çox vəsait 4 fəaliyyət istiqamət üzrə xərclənib. Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 AZN məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 15 433 079.57 təşkil edir. Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə: 32 477 789.50 AZN, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 458 478.51 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 5 432 716.49 AZN, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə isə 11 128 461.65 AZN vəsait xərclənib”, - Fond sədri qeyd edib.

E. Hüseynov bildirib ki, ümumilikdə 154 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 115-si ölkəyə geri qayıdıb.

"Hazırda 39 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir. YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib", - deyə E.Hüseynov qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb.

Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Həmçinin Fond Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunub.

YUXARI