Gəncədə beşmərtəbəli yaşayış binasında partlayış nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb. TƏBİB-dən bildirilib ki, 18.10.2024-cü il tarixində Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar 3 nəfər (1-i kişi cinsli, 2-si qadın cinsli olmaqla) saat 07:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
"Onlara zəruri tibbi xidmətlər göstərilib. 1 nəfər (kişi cinsli) vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir", - qurumdan qeyd edilib.
Qeyd edək ki, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
FHN-nin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib. Ölənlər 1962-ci il təvəllüdlü Mehriban Paşayeva və 1980-ci il təvəllüdlü Könül Xudaverdiyevadır.
Hadisə nəticəsində xəsarət alanlar 1999-cu il təvəllüdlü Firuzə Yusibova və 1991-ci il təvəllüdlü Bəxtiyar Orucov və 2004-cü il təvəllüdlü Nuranə Əliyevadır.