DÜNYA29.11.2024 06:00

Fransanın müxalifət lideri: Hökumət gələn həftə istefa verə bilər

4961

Solçu “İtaət etməyən Fransa” Partiyasının qurucusu, “Yeni Xalq Cəbhəsi”nin qeyri-rəsmi lideri Jan-Lük Melanşon böhranlı vəziyyətdən çıxmaq üçün respublika prezidenti Emmanuel Makronu istefaya çağırıb.

"Report"un məlumatına görə, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Hakimiyyət institutlarının bloklandığı şəraitdə yalnız bir çıxış yolu var – respublika prezidentinin istefası”, - paylaşımda qeyd edilir.

Müxalifət partiyaları hökumətin təklif etdiyi 2025-ci il dövlət büdcəsi layihəsi ilə razılaşmadıqlarını bildiriblər. Onlar baş nazir Mişel Barnyerə etimadsızlıq səsverməsi ilə hədələyiblər. Müxalifətin büdcə layihəsi ilə bağlı əsas şikayətləri orada nəzərdə tutulan hökumət xərclərinin 60 milyard avro azaldılması ilə bağlıdır.

Melanşon deyib ki, hökumətin istefası gələn həftənin əvvəlində baş verə bilər. "Bizim baş nazir postuna öz namizədimiz var. Əgər prezidenti qane etmirsə, o, istefaya getməli olacaq", - partiyanın qurucusu əlavə edib.

YUXARI