GÜNDƏM28.4.2021 14:47

Fazil Məmmədovun kurasiyasında olan 4 icra başçısından 3-ü vəzifəsini itirib – QALAN KİMDİR?

1668

Sabiq Vergilər naziri Fazil Məmmədovun yaxın adamı hesab olunan Alimpaşa Məmmədovun həbsi eks Nazirə yaxın məmurları da yenidən diqqət mərkəzinə gətirib.

Sabiq vergi nazirinin vəzifəsindən azad edilməsindən sonra 07.12.2017-ci il tarixdə bakupost.az saytında “Fazil Məmmədovun kadrları da “vurula” bilər” başlıqlı xəbər dərc olunub. Yazıda həmin dövrdə fəaliyyətdə olan icra başçıları haqqında məlumatlar yer alır.

Qeyd edək ki, Fazil Məmmədova bağlı olduğu deyilən 4 icra başçısından 3-ü artıq vəzifəsi ilə vidalaşıb. Sabiq nazirin yaxın qohumu olan Xaləddin İsgəndərovun Binəqədi, Ramiz Yediyarovun isə Gədəbəyin icra başçısı vəzifələrindən getmələrindən sonra nəhayət, bu günlərdə Şəmkir rayonunun icra başçısı da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanıldı. O, dünən Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tutduğu icra başçısı vəzifəsindən azad edilib.

Fazil Məmmədovun kurasiyasında olduğu deyilən 4 icra başçısının içərisində hələlik vəzifəsini qoruyub-saxlaya bilən isə Rəcəb Babaşovdur.

Qazaxın əvvəlki icra başçısı Ayaz Əsgərovun Yardımlı rayonuna icra başçısı göndərilməsi müəllifdə çaşqınlıq yaradıb deyə xırda yanlışlığa yol verilib. Buna baxmayaraq, adıçəkilən yazıda Qazax rayonunun hazırkı icra başçısı haqqında qeyd olunanları diqqətinizə çatdırırıq:

“Sabiq vergilər nazirinin daha bir kadrı Qazaxdan Yardımlıya icra başçısı göndərilən Rəcəb Babaşovdur. R.Babaşov icra başçısı postuna Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi vəzifəsindən gətirilib.

R.Babaşov Sabirabadda, paytaxtda, ölkənin bir çox regionlarında və hətta xaricdə böyük mal-mülk sahibidir. R.Babaşovun MTN generalları ilə münasibətlərini tənzimləyən Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi olmuş, hazırda "MTN işi” ilə bağlı həbsdə olan Vidadi Məmmədov idi. Xəzər rayonu ərazisində MTN rəhbəri Eldar Mahmudova məxsus villanın xərcinin bir hissəsini R.Babaşov tərəfindən ödənildiyi haqda iddialar da vardı. Fazil Məmmədovun bu kadrının da adı sahibkarlara qarşı qanunsuzluqlarda keçir. Bakı Vergilər Departamentində rəis müavini işləmiş R.Babaşovun avtoyuma məntəqələri, ticarət obyektləri, restoranları və s. ticarət obyektləri var”.

Onu da bildirək ki, son vaxtlar Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun da yaratdığı etirazlara görə fəaliyyətinin yuxarı dairələrdə narazılıqla qarşılandığı və tezliklə vəzifəsindən gedəcəyi haqqında məlumatlar dolaşır.

YUXARI