GÜNDƏM12.4.2024 23:26

"Ermənistan rəsmi səviyyədə etiraf edir ki, atəşkəsin pozulmasının səbəbkarı özüdür" - Mübariz Göyüşlü

36730

"Azərbaycan-Ermənistan şərti sərhəddində atəşkəsin pozulmasının məsuliyyəti rəsmi İrəvanın və onun Qərbdəki havadarlarının, xüsusən də bölgədə gərginliyi artırmaqla məşğul olan Fransanın üzərindədir". Bunu Xalqcəbhəsi.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib. O, bildirib ki, Azərbaycan xalqı sülhsevərdirsə, ordumuz təmkin göstərirsə bu o demək deyil ki, Ermənistan necə istəsə o şəkildə də davrana bilər: "5-6 aylıq sabitlik, sakitlik Ermənistanı qıcıqlandırdı və nəticə göz qabağındadır. Ermənistan rəsmi səviyyədə etiraf edir ki, atəşkəsin pozulmasının səbəbkarı özüdür.

Bu etiraf həm də güclü Azərbaycan dövlətinin və ordusunun mövcudluğunun göstəricisidir. Azərbaycan ordusu ona atəş açan düşmənə başqa cür cavab verə bilərdi, lakin biz təmkin göstəriririk.

Ermənistan tərəfindən bu təxribatı törədənlərin cəzalandırılması lazımdır. Əks təqdirdə bunu Azərbaycan edəcək. Fransanın da nəhayət anlaması lazımdır ki, Ermənistan üzərindən, onu silahlandırmaqla, təxribatlar törətməklə Cənubi Qafqazda heç nəyə nail ola bilməyəcək.

Əgər Azərbaycan-Ermənistan münasibətlərinə kənardan müdaxilələr olmazsa hər şey təbii axarı ilə qaydaya düşə bilər. Bunun üçün isə indiki Ermənistan hökumətinin siyasi iradə göstərməsi və Azərbaycanla, Türkiyə ilə normal münasibətlər qurması lazımdır".

YUXARI