GÜNDƏM16.9.2021 02:00

Ermənistan parlamentinin ardınca ictimai qurumlar da "Artsax" sözündən imtina edir

588

Qarabağda yaşayan separatçı tör-töküntülərinin artıq “atəşi sönmək”dədir. Son günlərə qədər “artsax” deyə bağıran separatçılar indi başqa havalar çalmağa başlayıb. Yəni Qarabağdakı bəzi ictimai simalar “artsax” sözündən imtina etməyə başlayıb. Belə ki, Qarabağ Erməniləri Hərəkatının rəhbəri, ictimai xadim Artur Ağacanov deyib ki, "artsax" sözünün islədilməsi düzgün deyil, çünki Qarabağ sözü var, bura Qarabağdır.

Göründüyü kimi, artıq separatçıların da içindən həqiqəti görüb dərk edənlər çıxır. Onlar dərk edirlər ki, ora “artsax” yox, Qarabağdır.

Ermənistan parlamentinin ardınca Qarabağın erməni ictimai təşkilatları da “artsax” sözünden imtina etməyə başlayıb...

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, başlanan imtina prosesi təsadüfi xarakter daşımır. “Əlbəttə, artıq Qarabağdakı ermənilər reallığı dərk edirlər, bilirlər ki, həqəqiqəti etiraf etməkdən başqa yolları yoxdur. Bu ərazinin tarixi adı Qarabağdır, bu ərazi tarixən Qarabağ adlandırılıb, bu gün də Qarabağdır, gələcəkdə də Qarabağ olacaq. Ona hansısa bir adı yamamaq, pərçimləmək olmaz. Tarixi reallığı, həqiqəti saxtalaşdırmaq istəyən ermənilərin uydurma ad qoyuluşları, qondarma ideya və fikirləri isə bircə zərbə ilə darmadağın edilib məhv olur, tarixin zibilliyinə, cəhənnəmə gedir. Bu anlamda hesab edirəm ki, bu ərazinin “artsax” olmadığını, ermənilərin ora gəlmə olduğunu, bu ərazinin Azərbaycan-türk torpağı olduğunu dərk edən ermənilərin sayı zamanla daha da artacaq. Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan tikinti quruculuq işləri erməniləri psixoloji gərginliyə düşürür, aldadılmış sadə ermənilər həqiqəti görürlər. Hətta görürsüz ki, Xankəndidə yaşayan bir erməni Şuşaya sarı gələrək bizim əsgərlərə səslənir və Azərbaycan vətəndaşı olaraq Azərbaycan bayrağı altında yaşamaq istədiyini bildirir. Yaxud da ki, Xankəndidə hərəkat sədri açıq-aşkar etiraf edir ki, bu ərazinin adı “artsax” yox, Qarabağdır və “artsax” adının çəkilməsi düzgün deyil”.

M.Göyüşlünün sözlərinə görə, Rusiya, ermənilər arasındakı revanşist qüvvələr, xaricdəki erməni diasporu, erməni kilsəsi suyu bulandırmasa və insanları çaşdırmasa, həqiqəti gizlətməyə çalıəşmasa hər şey qaydasına düşəcək. Bu gün erməni kilsəsinin həqiqəti gizlətmək istədiyini deyən M.Göyüşlü qeyd etdi ki, o bütöv tarixi saxtalaşdırmağa çalışır. “Bununla da Ermənistanı, erməni xalqını faciəyə sürükləməkdə davam edirlər. Amma görürsüz ki, nə qədər belə olsa da, ermənilər arasında artıq ayılanlar var və biz bunu görürük. Ermənistan parlamentinin ardınca Xankəndidə də “artsax”dan imtinanın gerçəkləşməsi onu göstərir ki, Qarabağdakı  ermənilər artıq Ermənistandakı və xaricdəki revanşist qüvvələrin, separatçı tör-töküntülərin əlində alət olmaq istəmirlər. Bu da bir reallıqdır”-deyə M.Göyüşlü qeyd etdi.

YUXARI