GÜNDƏM27.5.2022 16:57

"Ermənilərin dağıtdıqları yerlər dövlətimizin qayğısı nəticəsində dirçəldilir, yenilənir, canlanır"

2522

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri azad olunmuş ərazilərimizdə aparılan quruculuq-abadlıq işləri ilə yerindəcə tanış olunması, yeni tikililərin əsasının qoyulması və s. baxımından çox mühümdür.

Bunu "Xalq Cəbhəsi"nə Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

O, qeyd edib ki, bu səfər də bundan əvvəlki səfərlər kimi görülən işlərin birbaşa prezidentin nəzarəti altında olduğunu göstərir. Uzun müddət işğal altında qalan, ermənilər tərəfindən darmadağın edilən yerlər dövlətimizin qayğısı nəticəsində dirçəldilir, yenilənir, canlanır:

"Aparılan nəhəng quruculuq-abadlıq işləri bütün sahələri əhatə edir. Yollar, yeni binalar, məscidlər, elektrik və qaz xətləri, məktəblər, xəstəxanalar, yenidən salınan bütöv kəndlər və s. görülən işlər dosta güvən, düşmənə göz dağıdır.

Dövlət başçısı bu səfərində də əməli çalışmalarla Zəngəzur dəhlizinin reallaşması üçün işlər görüldüyünü nümayiş etdirdi. Zəngəzur dəhlizi nəinki beynəlxalq terminə çevrilib. Azərbaycan dəhlizin açılması və hər kəsin rahat istifadə edə biləcəyi avtomobil, dəmir və hava yollarının tikintisini müasir texnologiyaların vasitəsilə möhtəşəm bir şəkildə aparır. Füzuli hava limanının açılışından sonra Zəngilanda da yeni bir aeroportun əsasının qoyulması bölgəni mühüm nəqliyyat qovşağına çevirəcək. Bu nəqliyyat qovşaqları Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir".

Səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yalnız yol, bina və s. deyil eyni zamanda mənəvi dəyərlərimizin yaşadılmasında mühüm rola malik olan məscidlərimizin tikintisi və bərpasına da çox böyük diqqət ayırırlar: "Ötən ilin aprel ayında əsası qoyulan Zəngilan məscidinin tikintisi ilə dövlət başçısının şəxsən maraqlanması milli-mənəvi irsimizə qayğının, onun yaşadılmasına olan isti münasibətin göstəricisidir. Dini-mənəvi abidələrimizin, elm-təhsil müəssisələrimizin tikinti və bərpasında Heydər Əliyev Fondunun əvəzsiz rolu və böyük təcrübəsi var. Bu baxımından Zəngilan məscidinin də Fond tərəfindən inşa olunması faydalı nəticələr doğuracaqdır.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonunda İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirakı diqqəti cəlb edir. İşğal muzeyi bizim faciəli tariximizi gələcək nəsillərə, əcnəbilərə çatdıracaq. Xalqımızın başına gətirilən müsibətlər, erməni vandalizmi əyani şəkildə, canlı tarix olaraq tanıtdırılacaq. Zəfər muzeyi isə xalqımızın, onun qəhrəman oğullarının şücaətini, mübarizliyini həm gələcək nəsillərə, həm də səfər edəcək qonaqlara təqdim edəcək.

Bütün bu amillərdən sonra əminliklə deyə bilərik ki, xalqımız bütün maneələrə rəğmən torpaqlarını işğaldan azad etməyi, ona sahiblənməyi, orada qurub-yaratmağı və gələcəkdə azad-firavan şəkildə yaşamağı bacarır və bunu artıqlamasıyla haqq edir".

YUXARI