CƏMİYYƏT25.9.2021 22:45

Düşmənin 7 tankını məhv edən Vətən müharibəsi qazisi müharibə xatirələrini gənclərə bölüşüb

124

Astara Rayon Heydər Əliyev Mərkəzində Anım Günü ilə bağlı rayon icra hakimiyyətinin, Təhsil Şöbəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin “Vətənpərvərlik klubu”nun birgə təşkilatçılığı ilə Vətən müharibəsinin qazisi Rüfət Əsədullayevlə gənclərin görüşü keçirilib.

Görüşdə Milli Məclisin deputatı Rəşad Mahmudov, Vətən müharibəsinin qazisi, baş leytenant Rüfət Əsədullayev, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən və bu tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından danışıblar.

Qeyd olunub ki, Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.

Diqqətə çatdırılıb ki, ölkəmizdə şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir, onların sosial müdafiəsinin gücləndirmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Görüşdə çıxış edən Vətən müharibəsinin qazisi, düşmənin 7 tankını məhv edən Rüfət Eldar oğlu Əsədullayev keçdiyi şərəfli döyüş yolundan, müharibə ilə bağlı xatirələrindən və göstərdiyi şücaətdən danışıb.

Tədbir iştirakçıları xalqımızın birliyi və həmrəyliyi sayəsində Qələbəyə nail olduğumuzu vurğulamaqla yanaşı, dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

AZƏRTAC

YUXARI