MƏDƏNİYYƏT23.9.2024 09:00

Dünyada sevilən Türkiyə serialı yeni mövsümə “Yaşa Azərbaycan” mahnısı ilə başlayıb

21866

Türkiyənin dünyaca məşhur “Quruluş Osman” serialı yeni mövsümə Azərbaycan mahnısı ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, serialın 2024-2025-ci il yayım mövsümünün ilk fraqmenti yayımlanıb. Dünyanın bir çox ölkəsindən milyonlarla izləyicinin səbirsizliklə gözlədiyi ekran əsəri mövsümə sözləri Zivər Ağayeva və Zeynəb Xanlarova, musiqisi isə Rauf Məmmədova məxsus “Yaşa Azərbaycan” mahnısı ilə başlayıb.

Sevilən türk aktyor Burak Özçivitin baş rolunu (Osman bəy) oynadığı serialda Azərbaycan mahnısını filmdə Boran bəy obrazını canlandıran Yiğit Uçan ifa edib. Sosial mediada sürətlə yayılan fraqmenti qısa vaxt ərzində milyonlarla izləyici bəyənib.

Qeyd edək ki, hər bölümündə reytinqlərdə rekorda imza atan serialın istehsalçısı və layihə rəhbəri Mehmet Bozdağ, rejissoru isə Ahmet Yılmazdır. Bu, serialın altıncı yayım mövsümüdür.

YUXARI