MƏDƏNİYYƏT27.3.2023 15:09

Dünya azərbaycanlıları "Novruz - birliyimizin, kimliyimizin simvolu" adlı beynəlxalq konfrans keçiriblər

13857

Azərbaycanda və xaricdə yaşayan azərbaycanlıların, əcnəbilərin təşkilatçılığı ilə "Novruz - birliyimizin, kimliyimizin simvolu" adlı onlayn formatda beynəlxalq konfrans keçirilib. Tədbirə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Avstraliya, Estoniya, Yunanıstan, Pakistan, İordaniya kimi ölkələrdən iştirakçılar qatılıblar.

Konfransı giriş sözü ilə siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Qalib Ağa açaraq iştirakçıların bayramını təbrik edib, Novruzun Azərbaycan xalqı üçün əhəmiyyətini qeyd edib. Q.Ağa bu cür bayramların insanları birliyə, həmrəyliyə apardığını söyləyərək belə önəmli məsələlərdə müzakirələri müntəzəm olaraq təşkil etməyin əhəmiyyətini qeyd edib.

Müasir İnkişaf Birliyinin sədri, AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, BDU-nun müəllimi Mübariz Göyüşlü Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini söyləyib. O, 2010-cu ildə BMT Baş Assambleyasının sessiyasında martın 21-nin Beynəlxalq Novruz Günü elan olunduğunu diqqətə çatdırıb. M.Göyüşlü önəmli mövzularda müzakirələr aparmaq üçün beynəlxalq platformanın yaradılması zərurətindən söz açıb.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, etnoqraf Bəhmən Faziloğlu məruzə ilə çıxış edərək Novruz bayramını uzun müddət keçirə bilməməməyimizdən, bu istiqamətdə tədqiqat və çalışmaların genişləndirilməsinin əhəmiyyətindən danışıb. O, Novruzun milli kimliyimizlə, milli yaddaşımızla və dövlətçilik tariximizlə sıx bağlı olduğunu bildirib: “Milli dəyərlər sistemimizin mühüm tərkib hissəsi olan Novruz ənənələri müasir dövrün reallıqları çərçivəsində qorunub saxlanılmalı, daha da zəngınləşdirilməlidir”.

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta Avstraliya parlamentində Novruz bayramını yüksək səviyyədə keçirdiklərini söyləyib. O, Novruzla bağlı fikirlərini də iştirakçılarla bölüşüb.

“Rusiya Azərbaycan Qadınları” İctimai təşkilatının sədri Xatirə Qəmbərova Novruz bayramının önəminə, dünya azərbaycanlılarının onu qeyd etməsinə, 44 günlük müharibədən sonra bu mövzuya diqqətin artmasına toxunub. O, yaşadıqları yerdə - Rusiyada və dünyadakı azərbaycanlılarla “Ən gözəl xonça yarışması” keçirdiklərini, o cümlədən Rusiyanın müxtəlif bölgələrində də bayramı qeyd etdiklərini vurğulayıb.

Estoniyanın Tallin şəhərində fəaliyyət göstərən "Karyera" Təhsil Akademiyasının rəhbəri Sənəm Əli Novruz bayramı ilə bağlı xaricdə yaşayan azərbaycanlıları, o cümlədən əcnəbiləri elmi araşdırmalardan ibarət olan kitablarla, materiallarla təmin etməyin əhəmiyyətindən bəhs edib.

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan “Çinar” azərbaycanlıların milli-mədəni mərkəzinin sədr müavini Ülviyyə Abbasova mədəni dəyərlərimizi qorumağın əhəmiyyətindən, onu övladlarımıza çatdırmağın vacibliyindən bəhs edib. O, dəyərlərimizi digər millətlərə layiqli şəkildə nümayiş etdirməli olduğumuzu da vurğulayıb.

Pakistanda Yaşayan Azərbaycanlılar Cəmiyyətinin sədri Şəhla İsayeva yaşadığı ölkədə - Pakistanda Azərbaycanla, mədəni dəyərlərimizlə bağlı məlumatların az olduğunu qeyd edib. O, eyni zamanda Novruzla bağlı adət-ənənələrimizi tanıtmaq üçün də çox çalışmaq lazım olduğunu söyləyib.

Yunanıstanda fəaliyyət göstərən "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov Saloniki şəhərində Novruz bayramını azərbaycanlılarla yanaşı yunanlarla, ruslarla, digər millətlərin nümayəndələrilə yüksək səviyyədə keçirdiklərini söyləyib.

Türkiyədən toplantıya qatılan Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin İdarə Heyətinin üzvü Ceyran Səttarova qardaş ölkədə baş vermiş zəlzələnin Novruzu coşqulu şəkildə keçirməyə imkan vermədiyini söyləyib. 2018-ci ildə Türkiyədə bayramı geniş şəkildə qeyd etdiklərini deyən C.Səttarova adət-ənənələrimizi uşaqlara və əcnəbilərə öyrətməyin vacib olduğunu söyləyib.

İordaniyada yaşayan və bu ölkədə aktiv şəkildə diaspora fəaliyyətilə məşğul olan Zümrüd Dadaşova Azərbaycanı, onun mədəni dəyərlərini, o cümlədən Novruz bayramını əcnəbilərə çatdırmaq üçün görüləsi işlərin çox olduğunu açıqlayıb.

Rusiyanın Voronej vilayətində fəaliyyət göstərən "Xəzər Azərbaycan İcması"nın sədri Vüqar Şahlarov Novruz bayramının qeyd edilməsi üçün böyük əməyi olan mərhum dövlət və ictimai xadim Şıxəli Qurbanovu hörmətlə yad edib.

Türkiyənin İstanbul şəhərindən toplantıya qatılan ictimai xadim Əhməd Rza Novruz bayramının türk xalqlarının həyatındakı mühüm rolundan bəhs edib.

Əməkdar müəllim Aydın Allahverdiyev Novruzla bağlı kitab hazırlanmasının və yayılmasınını vacibliyindən, mədəniyət üzərindən birlik qurulmasının əhəmiyyətindən danışıb.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, Türk Dünyası Elmi Strateji Araşdırma Mərkəzinin başqanı Məhəmməd Cəbrayılov Novruzu “tarixi yaddaşı, milli kimliyi ifadə edən bayram” adlandırıb. O, süni intellekt əsrində Novruzun tarixi yaddaşın yaşadılmasında mühüm əhəmiyyətə malik olduğunu söyləyib.

Qeyd edək ki tədbirdə eyni zamanda AMEA Tarix İnstitutunun şöbə müdiri, tarixçi alim, dosent Hacı Həsənov, AMEA Mərkəzi Elmi Kitabxananın İcraçı direktoru, dosent, fəlsəfə doktoru Şəhla Tahirqızı, Qazaxıstandan Vətən cəmiyyətinin sədri Ömər Səid, ictimai fəal, Sumqayıt Dövlət Universitetinin tələbəsi Əbülfəz Məmmədov da iştirak ediblər.

Sonda iştirakçılar bu formatda tədbirlərin müntəzəm təşkil olunmasını, önəmli ictimai-mədəni məsələlərdə diskussiyaların təşkili üçün virtual formatda beynəlxalq müzakirə platformasının təşkilini qərarlaşdırdılar.

YUXARI