ELM VƏ TƏHSİL14.6.2024 23:29

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 52-ci buraxılış mərasimi keçirilib

2656

İyunun 14-də Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2024-cü il üzrə buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin rəhbərliyi, professor-müəllim heyəti, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdikdən sonra, liseyin Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Milli Müdafiə Universitetinin rektoru polkovnik Gündüz Əbdülov çıxış edərək əlamətdar gün münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Tədbirdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

YUXARI