İQTİSADİYYAT21.9.2022 13:27

bp bu il AÇG-də yeni platformanın tikintisini başa çatdırmağı planlaşdırır - Bəxtiyar Aslanbəyli

515

Bu il Mərkəzi Şərqi Azəri (ACE) platformasının tikintisinin başa çatdırılması planlaşdırılır.

Trend-in çərşənbə günü verdiyi məlumata görə, bunu bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Kibertəhlükəsiz iqtisadiyyat: islahatlar, innovativ yanaşmalar və həllər" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu platforma ən müasir texnologiyalarla təchiz olunacaq və istənilən hava şəraitində rahat işləyə biləcək müasir platformalardan biri olacaq.

"Həmçinin bütün boru kəmərlərimiz avtomatlaşdırılmış müasir texnologiyalarla təmin olunub. Rəqəmsal həllər istehsal proseslərində, o cümlədən şirkətimizin fiziki təhlükəsizliyinin təmin edilməsində istifadə olunur", - B.Aslanbəyli bildirib.

O vurğulayıb ki, bp öz əməkdaşlarının kibertəhlükəsizliklə bağlı məlumatlılığını artırmaq öhdəliyinə sadiqdir.

“Böyük şirkətlərin hər bir əməkdaşından müvafiq təlimdən keçməsi tələb olunmalıdır”, - B.Aslanbəyli əlavə edib.

YUXARI