"2023-cü ilin 19 sentyabrında keçirilən antiterror tədbirləri bizim üçün böyük bir tarixi hadisədir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Təsəvvür edin ki, biz nəinki 30 illik, hətta 100 illik bir problemi həll etmiş bir durumdayıq. Xankəndi, Dağlıq Qarabağ Muxtar Vilayətini nəzərdə tutaraq qeyd edirəm ki, biz təxminən 100 illik bir separatizmi, separatizm ocağını məhv edib söndürmüş bir toplumuq, ölkəyik, dövlətik. Bu baxımdan, bu böyük bir tarixi hadisədir və bu, zərurətdən yaranmışdı. Çünki Azərbaycan bir dövlət olaraq, Azərbaycan Respublikası öz ərazisində separatizmə yol verə bilməzdi. Suverenliyinin bu şəkildə təhdid olunmasına, pozulmasına çox dözüm göstərə bilməzdi. Biz kifayət qədər dözüm, anlayış göstərdik. Onlara xəbərdarlıq elədik, onları bu yoldan çəkindirməyə çalışdıq. Separatizmə son qoymaları üçün çağırış elədik. Lakin bizim çağırışları qulaqardına vurdular və Azərbaycan ərazisində separatizmi davam etdirdilər. Biz də bu problemi həll etmək üçün keçən il antiterror tədbirlərinə əl atdıq və bütün dünya da gördü ki, Azərbaycan ordusu, dövləti, xalqı, onun Ali Baş Komandanı bu prosesi necə mükəmməl apardı. Yəni burda mülki şəxslər zərər çəkmədi, mülki infrastruktur zərər çəkmədi. Cəmisi bir sutka ərzində biz separatizmlə məşğul olan, böyük-böyük iddialarla çıxış edən erməni tör-töküntüsünü məhv elədik və bununla da Azərbaycan dövləti növbəti dəfə bir tarix yazdı. Dünya hərb tarixi baxımından siyasi, tarixi baxımdan möhtəşəm bir işə imza atmış olduq. Bu işin anlamı, mahiyyəti çox böyükdür. Zamanla biz bunun nə qədər nəhəng və böyük bir fəaliyyət olduğunu bir daha şahidi olacağıq. Tarix, zaman ötdükcə bu hadisənin nəhəngliyi bizim gözümüzün qarşısında hər dəfə canlanacaq".