ELM VƏ TƏHSİL5.5.2021 09:57

Beynəlxalq Konfransa MEK əməkdaşlarının məqaləsi qəbul edilib

782

Beynəlxalq Orta Şərq Kitabxana Komitəsi (MELCom) 18-19 may 2021-ci il tarixlərində 42-ci dəfə illik konfrans keçirəcək. Konfransın keçirilməsində məqsəd Avropada Orta Şərq kolleksiyaları və Yaxın Şərqdə kitab bazarına pandemiyanın təsirini araşdırmaqdır. Onlayn formatda keçirilən konfransda əsasən kitabxanaçılıq, kataloqlaşma, biblioqrafiya, elektron resurslar, rəqəmsallaşma layihələri, kitabxana tarixi, Orta Şərqdə informasiya elminin cari məsələləri və digər mövzularla bağlı məruzələr dinləniləcək. 2 gün ərzində təşkil olunacaq konfrans materiallarında gün ərzində 10 məruzə olmaqla ümumi 20 məqalənin əhatə edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq bu konfransda iştirak edir. Belə ki, işçi dilləri ingilis və fransız dilləri olan konfransda AMEA Mərkəzi Elmi Kitabxanasının Azərbaycanşünaslıq və MRY şöbəsinin müdiri Aygün Səfərovanın və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Cəmilə Axund-zadənin həmmüəllif olduqları “Milli Elmi İrs və Milli Rəqəmsal Yaddaş” (“National Scientific Heritage and National Digital Memory”) adlı məqalə 20 məqalə arasına qəbul edilib.

Məlumat üçün bildirək ki, MELCom ilk dəfə 1979-cu il İngiltərədə qurulub. Sözügedən Komitənin qurucu rəhbəri Derek Hopvuddur. Komitə kitabxanaçılıq və kitab araşdırması mövzusunda beynəlxalq fikir mübadiləsi aparır.

YUXARI