Serbiyanın paytaxtı Belqradda keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibində uğurla çıxış edən Mərkəzi İdman Klubunun (MİK) təmsilçiləri Vətənə qayıdıblar.
Müdafiə Nazirliyi xəbər verir ki, yarışlarda MİK təmsilçiləri 1 qızıl və 1 gümüş olmaqla Azərbaycanın aktivinə 2 medal yazdırıblar.
Qızıl medalı 82 kq çəki dərəcəsində mübarizə aparan kapitan Rafiq Hüseynov qazanıb. O, əzmkarlıq nümayiş etdirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Digər təmsilçimiz Həsrət Cəfərov isə 67 kq çəki dərəcəsində mübarizə apararaq gümüş medala layiq görülüb.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında dünya çempionu olub.
Qeyd edək ki, dünya çempionatında medal qazanan idmançılarımızın məşqçisi MİK-in nümayəndəsi baş leytenant Həsən Əliyevdir.