ELM VƏ TƏHSİL24.11.2022 18:09

BDU-da Kəlbəcər rayonunun işğaldan azad edilməsinin ikinci ildönümünə həsr olunmuş tədbir

110

Bakı Dövlət Universitetində (BDU) “BDU Könüllüləri”nin təşkilatçılığı ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsinin ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə BDU-dan məlumat verilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.

Tədbirdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, 25 noyabr xalqımızın taleyində əlamətdar günlərdən biridir.

O, Vətən müharibəsi zamanı qazandığımız Böyük Zəfərin tariximizin qəhrəmanlıq səhifəsinə yazıldığını söyləyib. Qeyd olunub ki, şanlı Zəfər ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun şücaəti, xalqımızın birliyi nəticəsində qazanılıb.

R.Səmədov 2020-ci il noyabrın 25-də Kəlbəcərin azad edilməsinin Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbələrdən biri olduğunu deyib.

Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, Kəlbəcər rayonunun işğaldan azad edilməsi ölkəmizin həm diplomatik, həm də hərbi qüdrətinin göstəricisidir. “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz elə bir reallıq yaratmışdı ki, Ermənistan üçün 2020-ci il 10 noyabr Bəyanatına imza atmamaq, Kəlbəcərdən çıxmamaq heç cür mümkün deyildi. Çünki istənilən halda ordumuz Kəlbəcəri, Ağdamı, Laçını azad edəcəkdi”,- deyə deputat qeyd edib.

A.Məmmədov işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Kəlbəcərdə aparılan quruculuq işlərindən danışıb, dövlətimizin başçısı tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı”nın (2022-2026-cı illər) əhəmiyyətini vurğulayıb.

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti və qətiyyəti nəticəsində, çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də işğaldan azad edilib.

BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov, Tarix fakültəsinin əməkdaşı Anar Cəfərov və digər çıxış edənlər də qazandığımız Böyük Qələbənin əhəmiyyətindən bəhs ediblər.

Sonra Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YUXARI