ELM VƏ TƏHSİL4.5.2021 13:21

Bakı Ali Neft Məktəbinin beynəlxalq müsabiqələrdə qalib gələn tələbələri mükafatlandırılıb 

1116

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun əmri ilə, Beynəlxalq Neft Mühəndisləri Cəmiyyəti (SPE) tərəfindən təşkil edilən beynəlxalq “Petrobowl” yarışının regional turunun, eləcə də Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsinin qalibləri olan BANM tələbələri mükafatlandırılıb.

Belə ki, “Enactus BANM” komandasının kapitanı IV kurs tələbəsi Günel Hüseynli, komanda üzvləri III kurs tələbələri Mirkazım Ağayev, Taliyə Məmmədhəsənzadə, Şükran Əlizadə, IV kurs tələbəsi Fidan Aslanova və MBA üzrə təhsil alan Pakizə Talıblı, “Petrobowl” regional yarışında müxtəlif ölkənin 22 komandası arasından I yerə çıxan “SPE BHOS” komandasının üzvləri Toğrul Tahirov, Kənan Məmmədov, Rəhimə Abbasova, Elnur Əskərov və Xalid Orucov hər biri BANM Həmkarlar İttifaqının hesabına 200 manat məbləğində pul mükafatı əldə edib.

Xatırladaq ki, Respublikanın 18 universitetinin iştirak etdiyi “Enactus Azərbaycan Yaz Məktəbi”-nin “Sual-Cavab” müsabiqəsində Bakı Alı Neft Məktəbinin komandası verilən bütün sualları doğru cavablayaraq I yerin qalibi olmuşdur. Bundan başqa, BANM tələbələri Beynəlxalq Neft Mühəndisləri Cəmiyyəti tərəfindən təşkil edilən beynəlxalq “Petrobowl” yarışının regional turunda I yerə layiq görülmüşdür.

Hər iki qalibiyyət münasibətilə keçirilən onlayn görüşdə BANM-in professor-müəllim heyəti, tələbələri, qalib komandaların üzvləri və onların valideynləri iştirak edib.


Komandaları ürəkdən təbrik edən rektor Elmar Qasımov onların uğurunu yüksək qiymətləndib, hər zaman Ali Məktəbi və ölkəmizi istər regional, istərsə də beynəlxalq səviyyədə layiqincə təmsil etdiklərinə görə tələbələrə təşəkkür edib. O, Ali Məktəbin tələbələrinin dərin biliklərlə yanaşı, həm də xüsusi istedad və bacarığa sahib olmalarıyla da qürur duyduğunu qeyd edib.

Daha sonra komanda üzvləri qalib gəldikləri yarışlar, hazırlıq prosesi barədə məlumat verib və təəssürratlarını bölüşüblər.

YUXARI