İQTİSADİYYAT17.9.2024 23:30

Azərbaycanın tütün məmulatlarının İraqa ixracı üçün böyük potensial var - AZPROMO

8235

Azərbaycan tütün məmulatlarının İraqa ixracı üçün böyük potensial var.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumununun yekunları ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

“İraqdan olan rəsmi statistikaya görə, tütün məmulatlarının illik idxal dəyəri təxminən 300 milyon dollar təşkil edir, bəzi Azərbaycan şirkətləri bu ölkəyə 1 milyon dollara yaxın dəyərdə məhsul ixrac edib, lakin potensial böyükdür”.

Onun sözlərinə görə, sentyabrın 17-18-də Bakıda keçiriləcək biznes dialoqu çərçivəsində tütün məmulatlarının ixracının təşkili üzrə əməkdaşlıq müzakirə olunur.

Qeyd edək ki, 2024-cü ilin 7 ayı ərzində Azərbaycan dünyanın müxtəlif alıcılarına 4,273 min ton tütün ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur.

Əməliyyatlardan əldə olunan gəlir 12 milyon dollar olub.

Azərbaycanda 2024-cü ilin yanvar-iyul aylarında (artım 5,8%) 9,2 milyard siqaret və siqar istehsal edilib.

Ümumilikdə, 7 ayda ölkədə tütün istehsalı 2,6 dəfə artaraq 2,6 min tona çatıb.

YUXARI