CƏMİYYƏT23.6.2022 12:24

Azərbaycanda təyyarə icarəyə götürmək neçəyədir?

73

Ombudsman Səbinə Əliyevanın Füzuliyə gedib-gəlmək üçün 30 min manata təyyarə kirayələməsi barədə artıq təkzib olunan məlumat bir məsələni aktuallaşdırdı: ölkəmizdə təyyarə və helikopter icarəsi necə həyata keçirilir və neçəyədir?

 Azərbaycan regionlarına özəl səfərləri təşkil edən ən böyük aviasiya mərkəzi 2007-ci ildə yaranan “ASG Business Aviation”dır.

“ASG Business Aviation”un balansında 5 özəl təyyarə var: Atr 42-500 və 4 ədəd “Qolfstrim” (G450, G280, G550 və G650).

“ASG Business Aviation” şirkətindən qiymətlərlə bağlı ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, uçuşlar istiqamət, tarix və sərnişin sayına görə hesablanır:

“Aviaşirkət yalnız çarter reysləri ilə məşğul olur, buna görə də vahid qiymət yoxdur. Məsələn, АTR 42-500 hava gəmisində Bakı-Füzuli-Bakı istiqamətində çarter reysinin qiyməti 18000 USD (30600 manat) təşkil edir”.

Şirkətin nəzdində olan Zabrat aeroportunda yerləşən “ASG Helikopter Servis”in balansında isə Sikorsky S-92A, Leonardo Helicopters AW139,AW109SP, MI 8 AMT, Airbus Helicopters AS-332L1, Airbus Helicopters EC-155B1, həmçinin Cessna 172S helikopterləri mövcuddur.

Helikopter uçuşları ilə bağlı şirkətdən bildirilib ki, hava nəqliyyatı yalnız ölkədaxili regionlara çarter reysləri həyata keçirir:

“Helikopterlərlə ekskursiya gəzintilərinə icazə verilmir. Qiymətlər isə istiqamətdən asılı olaraq dəyişir. Məsələn, Zabrat-Quba-Zabrat çarter reysinin qiyməti 12000 manatdır. Bu qiymətə helikopterin 2 saat pulsuz gözləməsi daxildir. Əgər müştəri 2 saatdan artıq ləngiyərsə, əlavə vəsait ödəməlidir, əks halda helikopter geri qayıdır”.

Həmçinin şirkətdən bildirilib ki, hazırda helikoterlərin icarəyə verilməsi xidməti yoxdur. Balansda olan VİP helikopter isə hazırda fəaliyyət göstərmir.

YUXARI