CƏMİYYƏT1.2.2023 14:00

Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır - Nazir müavini

342

Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır. Trend-in məlumatına görə, bunu bu gün kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova 2-ci Aqrobiznesin İnkişafı Forumunda deyib.

Nazir müavini bildirib ki, ölkədə fermerlərə dəstək üçün müxtəlif növ subsidiya və güzəştli kredit mexanizmləri mövcuddur.

"Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə cənab Prezidentin müvafiq Fərmanına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya görə 2023-cü ildən başlayaraq 5 il müddətində əkin subsidiyası ilə yanaşı məhsul subsidiyası da tətbiq edilir.

Eyni zamanda hər il Nazirlər Kabineti tərəfindən ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyən edilməsi və buğdanın orta idxal statistik göstəricisi həmin qiymətdən aşağı olduğu hallarda aradakı fərqin istehsalçıya kompensasiya edilməsi məqsədilə Aqrar Subsidiya Şurası tərəfindən məhsul subsidiyasının əmsalının yenilənməsi nəzərdə tutulur. Bu da nəticədə ən strateji məhsullardan hesab olunan ərzaqlıq buğda istehsalçılarını bazardakı qiymət volatilliyi ilə bağlı yaranan risklərdən qoruyaraq, həmçinin xərclərin bir hissəsini subsidiyalaşdırmaqla həmin məhsulu istehsal etməyə təşviq etməklə ərzaqlıq buğda ilə özünütəmin etmə səviyyəsini yüksəldəcək, idxaldan asılılığı azaldacaqdır".

YUXARI