GÜNDƏM28.5.2023 11:05

"Azərbaycan Xalq Cümhuriyyəti - milli və demokratik dəyərlər" mövzusunda beynəlxalq konfrans keçirildi

10559

Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılar "Azərbaycan Xalq Cümhuriyyəti - milli və demokratik dəyərlər" mövzusunda beynəlxalq konfrans keçiriblər. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Pakistan, Rusiya, Avstraliya, İordaniya, Kanada, Fransa, Tacikistan, Qazaxıstan, Qırğızıstan, İngiltərə, ABŞ-dan millət vəkilləri, alimlər, ictimai xadimlər, diaspor təşkilatlarının liderləri, müəllimlər, gənclər, xanımlar, hüquqşunaslar, jurnalistlər, politoloqlar, araşdırmaçılar, yazıçılar, şairlər, mədəniyyət xadimləri qatılıblar.

Tədbiri açıq elan edən Müasir İnkişaf Birliyinin sədri, AMEA  Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri, BDU-nun müəllimi Mübariz Göyüşlü xaricdə yaşayan azərbaycanlılarla birgə növbəti bir beynəlxalq konfransın keçirilməsinin əhəmiyyətindən, bu çalışmaların beynəlxalq həmrəylik şəbəkəsinin, virtual müzakirə platformasının formalaşdırılmasına doğru getdiyini bildirib. O, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından, onun lideri Rəsulzadənin və silahdaşlarının fəaliyyətindən, AXC-nin şanlı tarix olmasından, müasir dövrdə əldə olunan nəticələrdən, Qarabağın işğaldan azad edilməsindən, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının inkişaf yoluna qədəm qoymasından danışıb.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Qalib Ağa bu cür çalışmaların faydalı olmasından və onları davam etdirməyin zəruriliyindən söz açıb.

Millət vəkili Ceyhun Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, o tarixdə qarşıya çıxan çoxsaylı problemlərdən və çətinliklərdən bəhs edib. O, bildirib ki, AXC-ni və onun irsini daim təbliğ etmək lazımdır. C.Məmmədov müasir dövrdə Azərbaycan dövlətinin qurulmasından, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün həmrəylik göstərməyin vacibliyindən, düşmənlərimizin hələ də bizə qarşı çalışmalar aparmasından, birlikdə bütün problemlərin öhdəsindən gələ biləcəyimizdən ətraflı danışıb.

Millət vəkili Vüqar Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin iqtisadi aspektlərini təhlil edib. O, Cümhuriyyət hökumətinin valyuta islahatından, milli valyutanın buraxılmasından danışıb. Millət vəkilinin sözlərinə görə AXC hökumətinin smərəli iqtisadi siyasəti onun milli gəlirlərinin artmasına, iqtisadiyyatının güclənməsinə, paralel olaraq dövlətin möhkəmlənməsinə gətirib çıxarırdı.

Türkiyədən tədbirə qoşulan Türk Ocaqları başqanının müavini, professor Mehmet Şahingöz Azərbaycanın - istər Cümhuriyyətin, istərsə də müasir Respublikanın Türkiyə üçün çox önəmli olduğunu vurğulayıb. Professor Azərbaycan-Türkiyə əlaqələrini daha da inkişaf etdirməyin, onu irəli aparmağın zəruriliyindən bəhs edib. M.Şahingöz bildirib ki, hər iki dövlətin çalışmaları ümumtürk birliyinin güclənməsinə aparır.

ADPU-nun dosenti, tarixçi alim Mübariz Ağalarlı “Azərbaycan Cümhuriyyəti və azərbaycançılıq ideologiyası” mövzusunda çıxış edib. O, Azərbaycanın ideologiyasının azərbaycançılıq, onun əhalisinin əsas hissəsinin türklər olmasına diqqəti cəlb edib. M.Ağalarlı Azərbaycanın istər Çar Rusiyası, istərsə də Sovet Rusiyası tərəfindən işğalının yaratdığı faciəli durumları sadalayıb. Alimin sözlərinə görə azərbaycançılıq ideologiyası Azərbaycan Cümhuriyyətini formalaşdırdı.

Kanadadan tədbirə qoşulan Lambton Kollecinin professoru, “Paradiqma” elm və mədəniyyət araşdırmaları mərkəzinin  direktoru dr. Elsevər Səmədov “ADR-də din-dövlət münasibətləri” mövzusunda çıxış edib. O Cümhuriyyət hökumətində din-dövlət münasibətlərini tənzimləyən quruma Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyini bildirib. E.Səmədov AXC hökumətinin bu sahədə sanballı çalışmalar həyata keçirdiyini, yaradılmış dini qurumda müsəlmanlarla yanaşı xristianlara da yer verildiyini, tolerant siyasət yürüdüldüyünü açıqlayıb.

AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, Türk Dünyası Elmi Strateji Araşdırma Mərkəzinin başqanı Məhəmməd Cəbrayılov “Əhməd bəy Ağaoğlunun siyasi-mədəni baxışlarında demokratikləşmə və Cümhuriyyət məsələsi” mövzusunda çıxış edib. Alim Ə.Ağaoğlunun nəhəng fəaliyyətindən söz açıb. Onun sözlərinə görə Əhməd bəyin xalqımızın müsəlman kimliyindən milli kimliyə keçid etməsində çöx böyük rolu var. M.Cəbrayılov bildirib ki, Ə.Ağaoğlu eyni zamanda müsəlmanların geriliyinin aradan qaldırılması, onların inkişafı üçün də ciddi işlər görüb.

AMEA  Folklor İnstitutu aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə “Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı?” mövzusunda çıxış edib. O, Cənubi Qafqazda üç respublikanın yaranmasından, həmin vaxt baş verən soyqırımlardan bəhs edib. A.İslamzadə bildirib ki, Azərbaycan Cümhuriyyəti yaranarkən və formalaşarkən Türkiyənin çox böyük dəstəyi olub. Alim rusların, ermənilərin tariximizi saxtalaşdırmalarından və gerçəkləri ortaya çıxartmağın vacibliyindən söz açıb.

Qazaxıstandan tədbirə qoşulan Vətən cəmiyyətinin sədri Ömər Səid hər zaman Azərbaycanın haqq işinə dəstək verdiklərini söyləyib. O, bildirib ki, Qarabağ məsələsi Azərbaycan türkləri üçün önəmli olduğu kimi Qazaxıstan türkləri üçün də önəmlidir.

Avtsraliyadan tədbirə qoşulan Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta hər kəsi Azərbaycan dövlətçiliyini qorumağa səsləyib. O, gənc nəsli Azərbaycanın bütövləşməsi məsələsinə kökləməli olduğumuzu söyləyib. M.Oyta AXC-nin qadın haqları mövzusundakı çalışmaları daim Avstraliyada təbliğ etdiklərini də çıxışına əlavə edib.

Əməkdar müəllim Aydın Allahverdiyev öz çıxışında AXC-nin dövlətçilik prinsiplərinin kökündə milli və demokratik dəyərlərin durmasını onu quran ziyalıların həmin dəyərləri uşaq və gənc yaşlarından mənimsəmələri ilə əlaqələndirib. A.Allahverdiyev bu prinsiplərin bayrağımızın rənglərində öz əksini tapmasından, bu rənglərin ideoloji mahiyyətindən və önəmindən danışıb. Daha sonra o, ilk daşları hələ AXC dövründə atılan, lakin sistemləşdirilməyən azərbaycançılıq məfkurəsinin, müasir Azərbaycan Respublikasının qurucusu mərhum Prezidentimiz Heydər Əliyev tərəfindən sistemləşdirilib bitkin bir ideologiyaya çevrildiyini və bu ideoloji prinsiplərin Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirildiyini söyləyib. Sonda A.Allahverdiyev AXC irsinin bundan sonra da dərindən tədqiq və geniş təbliğ edilməsinin vacibliyini bildirib.

Araşdırmaçı Nazim Muradov AXC-ni və Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətini daha geniş araşdırmağın vacibliyindən söz açıb.

Rusiyanın Voronej vilayətindən tədbirə qoşulan "Xəzər Azərbaycan İcması"nın sədri Vüqar Şahlarov bu mövzularda tarixlə yanaşı hüquqi məsələlərə də diqqət yetirməyin vacib olduğunu söyləyib. O, bu istiqamətdə görülməsi vacib olan işlərdən də bəhs edib.

Sonda tədbir iştirakçıları bu cür mövzularda müzakirələrin davam etdirilməsinin vacibliyini, beynəlxalq həmrəylik şəbəkəsinin yaradılması ehtiyacını, internet və virtual imkanlardan istifadə edərək birgə ortaq çalışmalar ərsəyə gətirməyin əhəmiyyətini təsdiqləyiblər.

Qeyd edək ki, tədbirdə eyni zamanda Pakistanda Yaşayan Azərbaycanlılar Cəmiyyətinin sədri Şəhla İsayeva, Türkiyədə fəaliyyət göstərən Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin İdarə Heyətinin üzvü Ceyran Səttarova, AMEA Folklor İnstitutu aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva, AMEA Mərkəzi Elmi Kitabxananın İcraçı direktoru, dosent, fəlsəfə doktoru Şəhla Tahirqızı, “Rusiya Azərbaycan Qadınları” İctimai təşkilatının sədri Xatirə Qəmbərova, Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi Şahnaz Kamal, Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimli, Fransadan ictimai fəal Vüsalə Şükürova, Türkiyənin Nişantaşı Universitetində öğretim görevlisi, Bengü Türk TV-də proqram aparıcısı Fatih Yurttaş, filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslı Yurttaş, Ərəb ölkələri üzrə Koordinasiya Şurasının İordaniya üzrə koordinatoru, İordaniyadakı Azərbaycan diasporunun rəhbəri Zümrüd Dadaşova, ABŞ-dan ictimai fəal Ehtiram Əsgərli, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri, kikboksinq üzrə dünya və Avropa çempionu Hafiz Baxşəliyev, Türkiyədən Türk Ədəbiyyatı Vakfının başqanı, şair Serhat Kabaklı, Rusiyanın Sankt-Peterburq şəhərindən “Çinar” azərbaycanlıların milli-mədəni mərkəzinin sədr müavini Ülviyyə Abbasova, Tacikistandakı Azərbaycan cəmiyyətinin sədri Şahəddin Əzimov, “Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bünyatov, Türkiyədən ictimai xadim Əhməd Rza da iştirak ediblər.

 

YUXARI