XƏBƏRLƏR8.6.2023 14:41

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təxirə salınıb

519

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ABŞ-da keçirilməsi planlaşdırılan danışıqların növbəti raundu təxirə salınıb. Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır. İclasın yeni tarixi barədə ictimaiyyətə lazımi qaydada məlumat veriləcək”, - deyə mesajda qeyd edilir.

Daha əvvəl Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Ermənistan mətbuatına bildirib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı nazir Ararat Mirzoyan arasında danışıqların növbəti raundu iyunun 12-də başlayacaq.

Vaşinqtonda nazirlərin əvvəlki danışıqları 4 gün (1-4 may) davam edib. Onlar ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.

YUXARI