XƏBƏRLƏR2021.09.15 16:00

Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir - YAP sədrinin müavini

9

Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

T.Budaqov bildirib ki, Türkiyə ilə Azərbaycan arasında dünyada analoqu olmayan münasibətlər sistemi qurulub:

“Bizim dostluq və qardaşlıq münasibətimiz tarixi köklərə əsaslanır. 103 il bundan öncə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycan Ordusu ilə birgə Bakı şəhərini bolşevik-daşnak qüvvələrindən azad edib.

Bizim dostluq və qardaşlıq münasibətimiz 102 ildən sonra da təkrar olunub. Azərbaycanın haqq savaşında Türkiyə mənəvi və siyasi dəstək göstərib. Türkiyə Vətən müharibəsində Azərbaycanla bir olduğunu bütün dünyaya nümayiş etdirib”.

T.Budaqov vurğulayıb ki, bu gün də Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik zirvəsinə ucalıb: “Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri, qardaşlığı bütün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. Hər iki ölkə başçısının iştirakı ilə imzalanan Şuşa Bəyannaməsindən sonra da görülən işlər göz qabağındadır”.

YUXARI