CƏMİYYƏT31.3.2023 21:00

Azərbaycan tolerantlıq baxımından dünyanın qabaqcıl ölkələri sırasındadır

1333

"Sovet dövründə dinə qarşı böyük basqılar müşahidə edilib. Lakin müstəqillik əldə ediləndən sonra bütün çətinliklər aradan qaldırılıb, Azərbaycanda digər sahələrdə olduğu kimi, dini sahədə də xeyli dəyişikliklər baş verib, əhəmiyyətli addımlar atılıb, böyük uğurlar əldə edilib".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib. Komitə sədri bildirib ki, müstəqillik illərində ölkəmizdə dövlət-din münasibətlərini tənzimləyən qanunlar qəbul olunub, Konstitusiyamızda dini etiqad azadlığı ilə bağlı məsələlər müvafiq maddələrdə öz əksini tapıb:

"Eyni zamanda, cəmiyyətdə fərdlərlə, dini icmalarla dövlət arasındakı münasibətləri tənzimləyən "Dini etiqad azadlığı" haqqında qanun qəbul edilib. Sənəddə ölkəmizdə bütün dini icmaların bərabər hüquqlu fəaliyyət göstərməsi ilə bağlı məsələlər təsbit olunur. Azərbaycan tolerantlıq baxımından dünyanın qabaqcıl ölkələri sırasındadır. Ölkəmizdə dini icmaların azad fəaliyyətinə lazımi şərait yaradılıb. Müxtəlif xalqların və dinlərin nümayəndələri mehriban dostluq şəraitində yaşayır. Bu gün  Azərbaycanda dini plüralizm mühiti mövcuddur. Ölkəmiz İslam həmrəyliyinə öz layiqli töhfəsini verir, milli-mənəvi dəyərlərə sadiq qalır".

YUXARI