Avropa İttifaqına (Aİ) üzv ölkələr Livanla bağlı vəziyyətə həsr olunmuş BMT Təhlükəsizlik Şurasının iclasının təcili çağırılmasında israr edirlər.
“Report” xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel birliyin 27 ölkəsinin xarici işlər nazirlərinin təcili videokonferansının yekunlarına dair açıqlamasında bildirib.
“Üzv ölkələr həmçinin BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə çağırırlar və biz atəşkəsə nail olmaq üçün bütün diplomatik səyləri göstərəcəyik”, – o qeyd edib.
Borrelin sözlərinə görə, XİN başçıları Livandakı vəziyyətlə bağlı son dərəcə narahatlıqlarını ifadə ediblər və hər hansı müdaxilənin vəziyyəti kəskin şəkildə pisləşdirəcəyini vurğulayıblar.
“Hər hansı hərbi müdaxilə vəziyyəti dramatik şəkildə pisləşdirəcək və bundan qaçmaq lazımdır”, – o vurğulayıb.
Borrel xatırladıb ki, artıq Livanda təxminən bir milyon insan məcburi köçkün vəziyyətinə düşüb və bir çoxları Suriya vasitəsilə ölkəni tərk etməyə çalışır.