GÜNDƏM20.11.2023 20:00

“Ağdam Azərbaycanın ən iri, müasir və inkişaf etmiş şəhərlərindən biri olacaq” - Prezidentin xüsusi nümayəndəsinin müavini

1443

Üç il bundan öncə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun apardığı qətiyyətli 44 günlük şanlı Zəfər savaşı nəticəsində məğlubiyyətə uğrayıb ağ bayraq qaldıran və kapitulyasiya aktına qol çəkən Ermənistan rəhbərliyi 20 noyabr 2020-ci il tarixində Ağdam rayonunun Azərbaycan Respublikasına qaytarılması barədə öhdəlik götürdü. Və elə həmin tarixdən də Ağdam öz azadlığına qovuşdu. İnsanların, şəhərlərin, kəndlərin taleyində çox bayramlar, çox əziz günlər olur. 20 noyabr günü Ağdam camaatının, Ağdamın ən əziz günlərindən biri, bəlkə də birincisidir. Bu fikirləri AZƏRTAC-a 20 Noyabr - Ağdam Şəhəri Günü ilə bağlı açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev söyləyib.

Bu il əlamətdar bayramın müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin təntənə ilə qeyd olunduğu “Heydər Əliyev İli”nə təsadüf etdiyini xatırladan B.Hacıyev deyib: “Belə bir əziz gündə Ulu Öndərimiz və rəşadəti, qəhrəmanlığı, canı, qanı bahasına yurdumuzu azadlığına qovuşduran mərd şəhidlərimizi də ehtiramla anırıq. Bəli, bu gün biz çox qürurluyuq, alnıaçıq, üzüağıq. Bu gün biz torpaqları 30 il düşmən işğalında qalıb, onu cəmi 44 gün, 23 saat 43 dəqiqəyə tam azad edən və öz gücü, qəhrəmanlığı sayəsində suverenliyini tam bərpa edən bir xalqın övladı, cəsur ölkənin vətəndaşlarıyıq. Fəxarət hissi keçiririk ki, bizim belə mərd xalqımız, Müzəffər Ali Baş Komandanımız, yenilməz Ordumuz, güclü Dövlətimiz, qüdrətli Ölkəmiz – Azərbaycanımız var!”.

O bildirib ki, Ağdam Qarabağın iri sənaye şəhəri, giriş qapısı olub: “Təəssüf ki, erməni faşizmi bu qədim yurdu ruhlar şəhərinə, Qafqazın Herosimasına çevirdi. Ən çox dağıntıya məruz qalan da, ən çox minalarla zibillənən məskənlərimizdən biri də Ağdamdır. Prezidentimizin təbirincə desək, qısa zamanda bu ərazilərdə əsl cənnət yaradılacaq, bərpa və yenidənqurmadan sonra Ağdam Azərbaycanın ən iri, müasir və inkişaf etmiş şəhərlərindən biri olacaq. Bu gün artıq dövlət başçısının rəhbərliyi ilə bu işlərə start verilib və biz var gücümüzlə işləri davam etdiririk”.

2021-ci il mayın 28-də Prezident İlham Əliyevin Ağdam şəhərinin bərpasının təməl daşını qoyduğunu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdüyünü söyləyən B.Hacıyev qeyd edib ki, Ağdamda görülən və görüləcək işlər hər kəs üçün maraqlıdır. “Ona görə də qısaca olaraq bu barədə məlumat vermək istəyirəm. Ağdamda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır. Ümumiyyətlə, Ağdam rayonu üzrə bir çox layihənin icrası nəzərdə tutulur. 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə 42 min insanın köçürülməsi qarşıya məqsəd qoyulub. Müasir Ağdamın mərkəzi hissəsi 2026-cı ildə formalaşdırılacaq. Müasir Ağdam keçmiş Ağdam şəhəri və ətrafındakı səkkiz kənddən ibarət olacaq. Ağdamda 5 yaşayış məhəlləsi tikiləcək, “Zəfər” və açıq hava altında “İşğal” muzeyləri fəaliyyət göstərəcək. “İşğal” muzeyi məscidin arxasında viran qoyulmuş sahədə yaradılacaq. Həmin ərazidə olan dağıntılar konservasiya olunacaq və olduğu kimi də saxlanılacaq. Muzey erməni vandallığının və acı işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyindən sönbət açacaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək. Gələcək nəsil, qonaqlar, turistlər burada oxuduqları, eşitdikləri işğal tarixinin acı həqiqətlərini öz gözləri ilə görə biləcəklər”, - deyə o bildirib.

Prezidentin xüsusi nümayəndəsinin müavini görüləcək işlərdən danışarkən əlavə edib ki, Ağdamda aparılan tikinti-bərpa və yenidənqurma işlərinə geniş yol şəbəkəsinin yaradılması, magistral qaz və su xətlərinin çəkilməsi də daxildir. Prezident İlham Əliyev 2021-ci ildə Ağdam-Bərdə avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib, 2022-ci ildə Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlini qoyub, Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub. Dördzolaqlı Bərdə-Ağdam avtomobil yolu Ağdamın şəhərdaxili yol şəbəkəsi ilə birləşəcək. Şəhərdaxili yollarda rahat hərəkəti təmin etmək üçün piyada, velosiped və ictimai nəqliyyatın hərəkət edəcəyi avtobus yolları, tıxacın qarşısını almaq üçün parkinq zolaqlarının tikintisi nəzərdə tutulub. Layihənin 2024-cü ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

“Ağdamda, həmçinin Muğam Mərkəzi, hotellər, Mərkəzi və Meşə parkı da fəaliyyət göstərəcək. Şəhərin istirahət zonasında süni göl yaradılacaq və ətrafı bulvar, meşə parkı olacaq. Şəhər əhalisini istiliklə təmin etmək məqsədilə qazanxana komplekslərinin tikintisi planlaşdırılır. Bir sözlə, Ağdam həqiqətən Azərbaycanın ən müasir və mötəbər ünvanlarından biri, modern şəhərlərindən olacaq”, - deyən B.Hacıyev bildirib ki, bütün bu işlər dövlət başçısının ciddi nəzarəti altında həyata keçirilir: “Belə ki, Prezident İlham Əliyev 2021-ci il mayın 28-də Ağdam şəhər 1 saylı orta məktəbin yeni binasının, Ağdam Sənaye Parkının təməlqoyma mərasimlərində iştirak edib. 2022-ci il fevralın 14-də isə Ağdam Sənaye Parkında iki müəssisənin təməlini qoyub. Ağdam Sənaye Parkı müxtəlif istehsal müəssisələrinin fəaliyyətini təmin etməklə yanaşı, bura köçürüləcək əhalinin məşğulluğu istiqamətində mühüm rola malik olacaq.

Onun sözlərinə görə, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan su anbarından suvarılan, ümumilikdə, 7000 hektar torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. Su anbarının torpaq bəndi, qülləli suburaxıcı və şaxtavarı sutullayıcı qurğular, magistral kanalın başlanğıc 6,64 kilometr hissəsi hidrotexniki qurğularla birlikdə təmir-bərpa olunub, eyni zamanda, yeni inzibati binası, təmir emalatxanası və nasosxana tikilib.

“Hamımız üçün bu əziz gündə “Ağdam müqəddəslik ünvanıdır” desəm yanılmaram. Ağdamda Pənahəli xanın, Natəvanın digər tarixi şəxsiyyətlərin türbələri, İmarət kompleksi, tarixin şahidləri olan nə qədər abidələr, eləcə də tarixi yerlər mövcuddudur. Bunların hamısı bərpa ediləcək. Nə yaxşı ki, biz indi bunlar haqqında 3 il bundan öncə olduğu kimi keçmiş zamanda deyil, indiki zamanda, elə o müqəddəslik beşiyi olan Ağdamın özündə danışırıq, qayıdışımızı bayram edirik”, - deyə Prezidentin xüsusi nümayəndəsinin müavini vurğulayıb.

YUXARI