ELM VƏ TƏHSİL14.10.2024 22:00

ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində tədbir keçirilib

2813

Oktyabrın 14-ü ADA Universitetində Milan Politexnik Universitetinin nümayəndə heyətinin səfəri çərçivəsində “ADA Universiteti Dizayn və Memarlıq Fakültəsinin ilk ilinin nəticələri” mövzusunda konfrans keçirilib.

Trend xəbər verir ki, konfrans, eyni zamanda, Milan Politexnik Universitetinin dəstəyi ilə təşkil olunmuş “ADA Universitetinin yeni Şəki kampusunun dizaynı” üzrə sertifikatlaşdırılmış praktiki təlim proqramının yekun mərasiminə təsadüf edib.

Tədbirdə ADA Universitinin rektoru, səfir Hafiz Paşayev və Milan Politexnik Universitetininin idarəetmə və professor-müəllim heyəti, Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, İtaliyanın ölkəmizdəki səfiri Luca di Gianfrancesco, memar və tədqiqatçılar iştirak ediblər.

ADA Universitetinin Rektoru Hafiz Paşayev açılış nitqində bildirib ki, İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında genişlənən əlaqələrə təhsil vasitəsilə verilən töhfədir. İtalyan univetsitetləri ilə yanaşı, yerli özəl qurumların da bu layihəyə göstərdiyi dəstək özlüyündə təhsil layihələri üzrə əməkdaşlığa nümunə təşkil edir və ölkəmizin yerli kadr hazırlığı işinə müsbət mənada təsir göstərir.

İtaliya-Azərbaycan Universiteti üzrə İşçi Qrupun rəhbəri Qalib Məmməd çıxışında qeyd edib ki, ADA Universiteti tərəfindən həyata keçirilən layihələrin, təqdim edilən proqramların və ixtisasların hər biri millət quruculuğuna töhfədir, fikri, əməli, düşüncə tərzi ilə ölkəmizi gələcəyə aparacaq nəslin yetişdirilməsinə dəstəkdir.

Tədbir Milan Politexnik Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru İlaria Valentenin çıxışı ilə davam edib.

İtaliya-Azərbaycan Univetsiteti layihəsi çərçivəsində davam edən əməkdaşlıqdan məmnunluq ifadə edən İlaria Valente təqdim edilən proqramlar vasitəsilə müasir düşüncəyə, praktiki bacarığa malik Azərbaycanlı memarların yetişdirildiyini vurğulayıb.

Tədbir sözügedən universitetin memarlıq, dizayn və şəhərsalma departamentlərinin direktorlarının çıxışı ilə davam edib. Çıxışçılar yeni nəsil memar, dizayner və şəhərsalma mütəxəssislərinin yetişdirilməsinin vacibliyinə toxunub.

Qeyd edilib ki, İtaliya-Azərbaycan Universiteti çərçivəsində irəli sürülən təşəbbüslər dövlət-özəl-universitet arasındakı əməkdaşlığın uğurlu nümunəsidir.

Tədbir ADA-nın dizayn və memarlıq fakültəsinin dekanı Silvia Deborah Ferrarisin çıxışı ilə davam edib. Silvia Ferraris fakültənin fəaliyyət göstərdiyi bir il ərzində əldə etdiyi nəticələrindən bəhs edib.

Tədbir zamanı Şəki qoruğunun baş memarı Seyran Məmmədov Şəkinin memarlıq irsi barədə çıxış edib, bu qədim şəhərdə dövlət tərəfindən mühafizə edilən tarixi yaşayış evlərinin üstünlük təşkil etdiyini vurğulayıb, ADA Univetsitetinin bu yaşayış abidələrinin bərpasına akademik tərəfdən göstərdiyi dəstəyi müsbət qiymətləndirib.

Tədbirin sonunda tarixi və memarlıq binalarının yeni təyinat üzrə bərpası və urbanistik kontekstdə canlandırılması ilə bağlı nümunələr əsasında hazırlanan dörd layihənin təqdimatı keçirilib. Layihələri qiymətləndirən münsif heyəti qalib komandanı elan edib, onlara sertifikat və mükafatlarını təqdim edib.

Qeyd edək ki, özəl və dövlət sektordan 14 gənc memarın cəlb olunduğu layihə Şəki, Milan və Bakıda olmaqla 3 mərhələli modullar formatında təşkil edilib.Layihədə iştirak edən komandalar tərəfindən 6 ay boyunca müxtəlif təhlil və sorğular aparılıb, rəsmlər, eskizlər, 3D vizuallar vasitəsilə ilkin modellər hazırlanıb.

Həmçinin əlavə edək ki, Dizayn və Memarlıq fakültəsinə bu il 80 tələbə qəbul edildi. Onlar Arxitektura və imtrryer dizayn üzrə təhsil alırlar. Yaxın gələcəkdə isə 2 yeni ixtisas təqdim ediləcək.

YUXARI