ELM VƏ TƏHSİL8.6.2023 19:00

ADA Universitetində beynəlxalq debat çempionatının milli mərhələsinin bağlanış mərasimi keçirilib

1001

Dünən İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) və “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyinin birgə təşkilatçılığı ilə ADA Universitetində Avrasiya Müsəlman Ölkələrinin Beynəlxalq Debat Çempionatının Azərbaycan üzrə milli mərhələsinin bağlanış mərasimi keçirilib.

Öncə Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrini təmsil edən finalçı komandalar arasında Cəmiyyətdə multikultural dəyərlərin olması islamafobiyanın qarşısını alan əsas faktordur” mövzusu üzrə debatlar keçirilib.

Daha sonra İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru vəzifəsini icra edən Vüsal Qurbanov, “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyinin sədri Ülviyyə Axundova, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin nümayəndəsi Rüstəm Abdullayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru Novruz Məmmədov təbrik nitqləri ilə çıxış edərək, bu tədbirin əhəmiyyətindən danışıblar, hazırda Avrasiyanın müxtəlif ölkələrində keçirilən bu proqramın gənclərin inkişafında, liderlik bacarıqlarının artırılmasında, onların təmsilçilik funksiyalarında, gənclər arasında kommunikasiyanın yaranmasında xüsusi rol oynadığını, eləcə də Heydər Əliyev irsinin gənclər arasında öyrənilməsinin vacibliyini vurğulayıblar.

Bu il həyata keçirilən proqramın əsas məqsəd gənclərin natiqlik, kommunikasiya və liderlik bacarıqlarının artırılmasına töhfə vermək, eləcə də Heydər Əliyev şəxsiyyətinin daha geniş auditoriyada tanınmasına nail olmaqdır.

Tədbirin sonunda sözügedən çempionatda xüsusi istedad və bacarıq nümayiş etdirmiş komandalar və gənclər xüsusi hədiyyələrlə mükafatlandırılıb.

Qeyd etmək lazımdır ki, bu yaxınlarda Azərbaycan Dövlət İqtisad Universitetində keçirilmiş debat çempionatında Azərbaycanın müxtəlif ali məktəblərindən olan 60 tələbə iştirak edib.

İƏGF Avrasiya Regional Mərkəzi 2023-cü il ərzində bu layihənin Avrasiyanın bir sıra ölkələrində keçirilməsini planlaşdırır.

YUXARI