GÜNDƏM20.4.2021 17:57

AAYDA: Günah Qazax İcra Hakimiyyətindədir

1156

Bu gün Dialoq.info xəbər saytı olaraq Qazax rayonunda yeni çəkilmiş yollarda yaranan problemlər və məmur biganəliyi ucbatından şəhərin estetik görüntüsünün sıradan çıxması, bunun insanlarda yaratdığı narazılıqlar haqqında yazı dərc etdik. Çox keçmədi ki, rayonda bu problemin aradan qaldırılması üçün addımların atılmağa başladığı haqda məlumatlar və fotolar əldə etdik. Belə ki, Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə Gürcüstan-Azərbaycan avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsində qazılıb çıxarılan asfalt örtüyün uzun müddətdən sonar canlı qüvvə və texnika cəlb edilməklə bərpasına başlanıb.

Bununla belə, Qazax şəhərinin mərkəzi yollarında, həmçinin Heydər Əliyev prospektindəki yeni çəkilən asfalt örtüklərdə yaranan problemlər hələ də qalmaqdadır.

Problemlə bağlı mətbuata açıqlama verən AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, qurum şəhərdaxili yollara nəzarət etmir:

"Orada yaranan hər hansı bir problemə cavabdehlik daşımırıq. Digər tərəfdən də şəhərlərdə bütün kommunikasiya xətləri yolların altı ilə keçir. Bir ərazidə iki kvadratmetrlik ərazidə yaranan problemin bütün yola aid edilməsi düzgün deyil.

Yolun hər hansı bir hissəsində 2-3 metrlik problemin olması o yolun keyfiyyətli çəkilməməsi demək deyil".

Qeyd edək ki, 1 ildən artıq vaxtdır şəhərdə kanalizasiya sistemi çəkilir. Bu səbəbdən də yollar qazılır, işlər görülür, sonradan yol örtüyü bərpa edilir, lakin keyfiyyət aşağı olduğuna görə cəmi bir neçə günə sıradan çıxır. Yəni məsələ hansısa küçədə 2-3 metrlik məsafəni əhatələmir. Demək olar ki, bütün küçələrdə yeni çəkilən asfalt örtüklər bu gündədir.

AAYDA-nın mətbuat katibi Anar Nəcəflinin təmsil etdiyi qrumun Qazax şəhərindəki yollara cavabdehlik daşımırıq deməsi göstərir ki, məsələyə Rayon İcra Hakimiyyəti, daha  dəqiqi, İcra başçısı Rəcəb Babaşov məsuldur.

Bu və digər problemləri diqqətdə saxlayacağıq.

YUXARI