Azərbaycanın Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında mövqeyi gücləndirmək, yüksək gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda deyib.
"Strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4%, qeyri-neft qaz ÜDM-nin isə illik orta hesabla 5% artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft/qaz ixracının həcminin 85% artırılması hədəflənir.
Ümumiyyətlə, dayanıqlı inkişafa nail olunmasında bütün maraqlı tərəflərlə səmərəli əməkdaşlığın və investisiyaların rolu vacibdir. Bu baxımdan, Forum çərçivəsində istər dövlət, istər qeyri-hökumət təşkilatları, investorlar və beynəlxalq təşkilatlarla aparılacaq müzakirələrin və qurulan əməkdaşlıqların ölkəmizdə “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy"in icrasına öz müsbət töhfəsini verəcəyinə inanıram", - nazir qeyd edib.